Özüm də bilmədən çox qısqanıram səni -
Udduğun havaya, içdiyin suya,
Getdiyin yola,
Hətta kölgənə belə qısqanıram.
Əlimdə deyil, qınama məni...
Baxdığın hər üzə, sənə baxan hər gözə,
Alnına toxunan saçlarına,
Qəlb çırpıntını duyan paltarına...
Qısqanıram səni.
Sənə məndən yaxın olan hər şeyə,
Yerə, göyə, üzünü yalayan küləyə...
Qısqanıram səni.
Birinə salam versən, əlin dəysə əlinə,
Bir başqası girər deyə qəlbinə
Qorxduğumdan qısqanıram səni...
Əlimdə deyil, qınama məni,
Qısqanıram səni... Qısqanıram səni...
Ay Seli